“II Qarabağ müharibəsi və Fransanın mövqeyi” mövzusunda elmi seminar

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində “II Qarabağ müharibəsi və Fransanın mövqeyi” mövzusunda elmi seminar keçirilib.

Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfovanın moderatorluğu ilə keçirilən seminarda Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının dosenti Məmmədağa Baxışov mövzu ilə bağlı məruzə edib.

30 ildən artıq davam etmiş və artıq tarixin arxivinə atılan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və 44 gün davam etmiş Vətən müharibəsində tarixi ədalətin bərpa olunmasından danışan məruzəçi Azərbaycan dövlətinin şanlı qələbəni təmin etmək üçün müdrik iqtisadi, siyasi-diplomatik və hərbi quruculuq siyasəti barədə məlumat verib. Məruzədə 30 ilə yaxın bir müddətdə BMT-nin qəbul etdiyi, lakin kağız üzərində qalan qətnamələr və münaqişəsini tənzimləmək üçün yaradılmış ATƏT- in Minsk qrupunun bu sahədə fəaliyyətsizliyi təhlil edilib, həmsədrlərdən biri kimi Fransanın münaqişə ilə bağlı dürüst olmayan vasitəçi mövqeyinə və ikili standartlı siyasətinə xüsusi diqqət yetirilib.

Məruzəçi bildirib ki, İkinci Qarabağ müharibəsində Azərbaycan Respublikasının qələbəsi həm Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaradıb, həm də beynəlxalq münasibətlərə böyük təsir göstərib. Azərbaycanın dünya siyasətində fəallığı daha da artıb. Ermənistanın məğlubiyyəti və yaranmış yeni geosiyasi vəziyyətlə razılaşmayan Fransa kimi dövlətlər yenə də ədalətsiz mövqe sərgiləyir, təcavüzkar dövlət olan  Ermənistana havadarlığı davam etdirirlər.

Məruzədə postmüharibə dövründə Fransanın Ermənistan və Azərbaycan arasında sülh danışıqları ilə bağlı qeyri-obyektiv, riyakar mövqeyi, Fransa Senatının Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan 15 noyabr 2022-ci il tarixli ədalətsiz qətnaməsi də təhlil olunub.

Məmmədağa Baxışov çıxışını Prezident İlham Əliyevin 25.11.2022-ci il tarixində ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” konfransında mövzu ilə bağlı səsləndirdiyi bu sözlərlə yekunlaşdırıb: “Biz heç bir ölkə ilə, beynəlxalq qurumla Qarabağdan danışmaq fikrində deyilik. Fransa Ermənistan və Azərbaycan arasında sülh danışıqlarında iştirak edə bilməz. Onu bu formatdan uzaqlaşdıran biz yox, özləri oldu”.

Elmi seminar müzakirələrlə davam edib.

Əlaqə
AZ 1148, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 23, BDU, yeni saylı Tədris binası, 8-ci mərtəbə,
Tel.: (012) 5391068 Fax.: (+9942 12)598 33 76 info@bsu.edu.az
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət